F.Nəsirova simpoziumda “Səməd Behrəngi əsərlərində ailə institutu probleminin qoyuluşu” adlı məruzə edib. Məruzədə ailənin cəmiyyətdəki yeri, tərbiyə prosesindəki funksiyası və mənəvi dəyərlərin formalaşmasındakı rolu müəllifin pedaqoji fikirləri və sosial realist baxışları əsasında geniş elmi təhlilə cəlb edilib. Qeyd olunub ki, uşaq ədəbiyyatında ənənəvi milli-mənəvi, əxlaqi-didaktik, ümumbəşəri ideyalar fonunda ictimai ədalətsizlik, sosial bərabərsizlik, maddi rifah, sinfi mübarizə, azadlıq uğrunda mücadilə kimi fundamental ideyaların aparıcı mövzulara çevrilməsi məhz Səməd Behrənginin adı ilə bağlıdır. Məruzədə uşaq və yeniyetmənin fərddən şəxsiyyətə təkamülü yolunda onu dəstəkləyən, hər qərarında yanında və ya əksinə, qarşısında yer alan ən müxtəlif ailələrin istər psixoloji, istər sosioloji aspektdən təsviri Behrəngi yaradıcılığının xarakterik xüsusiyyəti kimi səciyyələndirilib. Yazıçıya görə cəmiyyətin kiçik modeli – ailə sosial münasibətlərin nüvəsi rolunu oynamaqla həm inkişafın əsas mənbəyi, həm də geriliyin, tənəzzülün göstəricisidir. Qoruyucu funksiyası, əxlaq və mənəviyyatın təbliği, tərbiyələndirici missiyası ilə cəmiyyətin təkanverici qüvvəsi olan ailə etnik yaddaşın, folklorun, dilin daşıyıcısıdır. S.Behrənginin ailə institutu haqqında baxışlarının qruplaşdırılaraq mərhələli şəkildə təqdimi simpozium iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.