Print this page

Şərqşünaslıq İnstitutunda "İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)" adlı kitab işıq üzü görüb

24 Oktyabr 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayevin "İraq-türkman dilinin qrammatikası (Azərbaycan dili əsasında)" adlı kitabı işıq üzü görüb.

Kitab həm Azərbaycan dilində, həm də ərəb dilində ayrı-ayrı cildlər şəklində Bakı və Bağdad şəhərlərində nəşr olunub.



Kitab Avrasiya Beynəlxalq İnkişaf Assosiasiyasının (ABİA) təşəbbüsü və təşkikatçılığı, AMEA-nın akademik. Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı əsasında nəşr edilib.

Kitabda İraq türkman dilinin qrammatik qanunauyğunluqlarının Azərbaycan dili qrammatikası ilə müqayisəli təhlili aparılaraq tam uyğunluğu müəyyən edilib və türkman dilinin müstəqil qrammatikasının ilkin bazasının əsasları təqdim edilib.

Kitab struktur baxımından «Giriş», üç fəsil, «Atalar sözləri», «Lüğət», «Nəticə» və «İstifadə edilmiş ədəbiyyat siyahısı”ndan ibarətdir.

Əsərin «Giriş» hissəsində mövzunun aktuallığı, Azərbaycanda və digər ölkələrdə mövzu ilə əlaqədar aparılmış araşdırmalar, o cümlədən bu tədqiqat işlərinin müsbət və çatışmayan cəhətləri, tədqiqat zamanı istifadə edilmiş metodların ümumi səciyyəvi xüsusiyyətləri və sair məsələlər diqqətə alınıb.

«Fonetika» adlı birinci fəsildə Azərbaycan və İraq türkmanlarının şifahi və yazılı dil xüsusiyyətləri, tarixən və müasir dövrdə istifadə olunmuş müxtəlif əlifba sistemlərinin tarixi mərhələləri, ən əsası fonetikaya daxil olan əksər mövzular tədqiq edilib.

İkinci fəsil «Morfologiya» adlanır və bu hissədə əsas və köməkçi nitq hissələrindən, həmçinin qrammatikanın bu sahəsinə aid olan mühüm istiqamətlərdən bəhs olunur. Bundan əlavə, ikinci fəsildə morfologiya sahəsinə aid olan terminlərin və qrammatik qaydaların müəyyənləşdirilməsi də əsas hədəf kimi qarşıya qoyulub.

«Sintaksis» adlı üçüncü fəsildə isə söz və söz birləşmələri, sintaktik əlaqələr, cümlə və cümlə növləri, həmçinin cümlə üzvləri haqqında əsas mövzular müqayisəli şəkildə araşdırılıb, oxşar və fərqli cəhətlər müəyyənləşdirilib.

«Atalar sözləri» bölməsində Azərbaycan xalqı və İraq türkmanlarının istifadə etdiyi dörd yüz müştərək zərbi-məsəl və hikmətamiz kəlam cəm edilib.

Kitabın «Lüğət» adlı hissəsində İraq türkmanlarının leksik söz tərkibini müəyyən etmək məqsədilə müfəssəl izahları ilə birlikdə 1409 ümumişlək söz və söz birləşmələri seçilib və əlavə edilib.

«Nəticə» bölməsində tədqiqat zamanı iki doğma dil arasında tam dil oxşarlıqları və mövcud olan bəsit fərqlər, əldə edilmiş mühüm nəticələrin ümumiləşdirilməsi, həmçinin gələcəkdə bu sahədə görülməsinə ehtiyac duyulan işlər və tövsiyələr qeyd edilib.

Bu kitabın ərsəyə gəlməsi, İraq-türkman dilinin tədqiqi Azərbaycan dilinin təsir coğrafiyasının genişlənməsinə zəmin yaradacaq. Digər tərəfdən isə, İraq-türkman dilinin öyrənilməsi İraq türkmanları ilə Azərbaycan xalqı arasında elmi-mədəni və ədəbi əlaqələrin inkişaf tarixinin müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Qeyd edək ki, İraq türkman dili və ədəbiyyatı ilə bağlı indiyədək istər İraqın özündə, istər Türkiyə, istərsə də Azərbaycanda çoxsaylı araşdırmalar, kitablar və tədqiqat məqalələri yazılsa da, İraq-türkman dili qrammatikasını tam əhatə edən kitab yazılmamış, indiyədək bu sahədə irəli sürülən təşəbbüslər, türkman qrammatikasının yalnız bir qismini əhatə etmişdi.