Print this page

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 95 İLLİYİNƏ HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB

16 May 2018

Mayın 7-də AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, müasir Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş elmi sessiya keçirilib.

Sessiyanı giriş sözü ilə açan millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva Heydər Əliyevin Azərbaycan xalqının tarixi inkişafında müstəsna xidmətlərindən danışdı: «Heydər Əliyev Azərbaycan tarixində müstəsna rolu olan şəxsiyyətdir. Azərbaycanın tarixinin 40 ili ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər xalqımızın tarixinə gördüyü misilsiz işlərlə böyük qurucu şəxsiyyət və xilaskar kimi düşüb. Onun həm sovetlər dövründə, həm də müstəqillik illərində Azərbaycan xalqına xidmətləri əvəzsizdir. Mən onu ən böyük azərbaycanlı, ən böyük vətənpərvər hesab edirəm».

 

Müstəqil Azərbaycanın rəhbərliyinə xalqın tələbi ilə respublikanın ən çətin vaxtında gələn Heydər Əliyevin qısa müddətdə ictimai asayişin bərpasına nail olduğunu deyən Gövhər Baxşəliyeva, ulu öndərin xalqda  gələcəyə böyük inam yaratdığını, qısa bir zamanda ölkəmizin yüksək iqtisadi inkişafının əsasını qoyduğunu, regionda lider dövlətə çevirdiyini qeyd etdi.

G.Baxşəliyeva Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söylədi. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə məhz birinci görüşünü Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladan Gövhər xanım, onun həmin görüşdə söylədiyi sözləri yada saldı: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

G.Baxşəliyeva bu gün də ulu öndərin yolunun Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini qeyd etdi və ölkədə gedən nəhəng quruculuq işlərinin, gündən-günə güclənən iqtisadiyyatımızın, sürətlə abadlaşan və inkişaf edən şəhər və rayonlarımızın, mədəniyyətə, elmə, səhiyyəyə göstərilən əvəzsiz qayğının bunun əyani təsdiqi olduğunu bildirdi.

AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova tədbirdə çıxış edərək, ulu öndər Heydər Əliyevin ölkəmizin bütün sahələrdə inkişafında əvəzsiz xidmətlərindən söz açdı, elm və təhsil sahəsində əldə edilən uğurların da təməlində ümummilli liderin bu sahələrə diqqət və qayğısının dayandığını qeyd etdi.

Sonra məruzələrə başlanıldı. “Heydər Əliyev və türk dünyası” mövzusunda məruzə edən Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, iqtisadiyyat üzrə elmlər doktoru Dünyamalı Vəliyev Heydər Əliyevin ölkəmizin türk respublikaları ilə əlaqələrinin ən səmimi müstəvidə qurulmasında misilsiz xidmətlərindən danışdı, ulu öndərin Azərbaycan və Türkiyə üçün söylədiyi “Bir millət – iki dövlət” ifadəsinin iki qardaş ölkə arasında münasibətlərin şüarına çevrildiyini qeyd etdi.

Daha sonra İnstitutun İran tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Vidadi Mustafayev “Heydər Əliyevin Şərq siyasətində İran”, Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səməd Bayramzadə “Heydər Əliyevin azərbaycançılıq ideyasında Cənubi Azərbaycan”, Şərq-Qərb şöbəsinin müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı “Heydər Əliyev və müsəlman Şərqi” mövzularında məruzələr etdilər.

Sonda məruzələr ətrafında müzakirələr aparıldı.