İnstitutun Mərkəzi Asiya ölkələri şöbəsinin elmi işçisi Hülya Aslanova seminarda "Müasir İraq-türkman ədəbiyyatı və onun əsas inkişaf istiqamətləri" mövzusunda məruzə edib. Məruzəçi qeyd edib ki, Orta Asiya və Azərbaycandan gələrək İraqda məskunlaşan türkmanlar dilləri ilə birlikdə ədəbiyyatlarını və mədəniyyətlərini də özləri ilə birlikdə gətiriblər. Bildirilib ki, müasir İraq-türkman ədəbiyyatı öz inkişaf mərhələsində bir çox şair və yazıçıların yaradıcılığı ilə zənginləşib. Əsas yeri nəzm tutur, nəsr isə xeyli geridə qalır. Məruzəçi müasir dövr İraq-türkman ədəbiyyatını təmsil edənlər arasında klassik poeziya ənənələrinə bağlı şairlərin olduğu kimi, yeni ədəbi cərəyanları, xüsusilə də sərbəst şeir janrını təmsil edən şairlərin mövcudluğunu, bu ədəbiyyat qolunun inkişafında mətbuatın rolunun danılmazlığını qeyd edib.
Ərəb filologiyası şöbəsinin elmi işçisi Şahanə Şahbazova “İraq mətbuat tarixinə ümumi nəzər” mövzusunda məruzə edib. İraq türkman mətbuatının təsis tarixinin Osmanlı dövləti ilə bağlı olduğunu deyən Ş.Şahbazova Osmanlı valisi Midhət paşanın Bağdadda valiliyi dövründə 1869-cu ildə yaradılmış “əz-Zaura” qəzeti ilə İraq mətbuatının əsasının qoyulduğunu, daha sonra ingilis və ABŞ işğalına məruz qalmış İraqda hakim idarəçiliyin mətbuatın inkişaf tarixində güclü təsirə malik olduğunu qeyd edib.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırırlıb.