Print this page

AKADEMİK ŞAHİN MUSTAFAYEV BEYNƏLXALQ ELMİ TƏŞKİLATIN RƏHBƏR ORQANINA SEÇİLİB

01 Fevral 2018

 

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev Avropanın mötəbər elmi təşkilatı olan “Ümumi tarix və dünya tarixi üzrə Avropa şəbəkəsi”nin İdarə Komitəsinin üzvü seçilib. Bu barədə təşkilatın məsul nümayəndəsi Dr. Katia Naumann xəbər verib.

 

 

Təşkilatın baş mərkəzi Almaniyada yerləşir. Onun əsas məqsədi dünyada, xüsusilə Avropada qlobal tarixin araşdırılması və tədrisi işinə yardım etmək, bu sahədə alimlərin əməkdaşlığı üçün geniş beynəlxalq elmi platform təmin etmək, müxtəlif ölkələrdən olan alimlər arasında bilik və təcrübə mübadiləsi üçün vasitələr və imkanlar yaratmaq, mütəmadi olaraq Avropanın müxtəlif ölkələrində və elmi mərkəzlərində dünya tarixinin aktual problemləri ilə əlaqədar yüksək səviyyəli beynəlxalq konfranslar təşkil etməkdən ibarətdir. Bu günə qədər belə mötəbər konfranslar Almaniyanın Leypsiq (2005) və Drezden (2008) şəhərlərində, Londonda (2011), Parisdə (2014) təşkil edilmişdir və bu il bu tədbirin Macarıstanın paytaxtı Budapeştdə keçirilməsi nəzərdə tutulmuşdur.

 

Bu elmi forumlarda Avropanın müxtəlif ölkələrini təmsil edən tarixçi alimlər qloballaşma proseslərinin tarixi, dünya tarixi üzrə nəzəri tədqiqatlarda uzun müddət hakim mövqe tutmuş “Avropamərkəzçilik” konsepsiyasının aradan qaldırılması, tarix elmində plüralist görüşlərin yayılması, dünyanın bütün bölgələrinin tarixinə eyni dərəcədə önəm verilməsi və qlobal tarixin bir vahid olaraq öyrənilməsi şərti ilə onun regional əhatəsinin genişləndirilməsi kimi mühüm nəzəri və metodoloji məsələlər müzakirə edilir.

Azərbaycan aliminin “Ümumi tarix və dünya tarixi üzrə Avropa şəbəkəsi”nin İdarə Komitəsinin üzvü seçilməsi bizim tarixçilərimizin bu mötəbər elmi qurumun fəaliyyətində və tədbirlərində iştirak etmələrinə imkan yaradır.