Məqalədə qeyd edilir ki, Azərbaycan və özbək türklərinin ədəbi-mədəni əlaqələri köklü tarixə və ənənələrə malikdir. İbn Sina, Xarəzmi, Buhari, Uluğ Bəy, Əlişir Nəvai kimi məşhur şəxsiyyətlər, mütəffəkir şairlər Azərbaycanda əsrlərdir ki, böyük hörmətlə anılır. Xaqani, Nizami, Nəsimi, Füzulini özbək xalqı öz şairləri kimi oxuyub öyrənirlər.
Məqalədə Azərbaycan və özbək şeirində Sovet sisteminin qadağan etdiyi milli, tarixi, türk birliyi kimi mövzularda yazılan ədəbi nümunələr araşdırılır, mövzu, fikir, ideya, ahəng paralellərindən bəhs olunur. Qeyd olunur ki, 1950-ci illərdə, Stalinin ölümündən sonra dünya ədəbiyyatındakı yenilənmənin təsiri ilə xalqlarımızın ədəbiyyatında milli mövzular üstü qapalı şəkildə ələ alınmağa başladı. Bu dönəmdə milli şeiri əsarətdən qurtarmaq üçün qələmləri ilə döyüşən Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Fikrət Qoca, Abdulla Aripov, Erkin Vahidov, Cemal Kemalın yaradıcılıqları ortaq mövzular, ortaq xüsusiyyətlər, fikir bənzərlikləri, bədii təsir və bəhrələnmə kontekstində təhlil olunur, Sovet idarəçiliyinə qarşı milli şairlərin mübarizəsindən söz edilir.