Print this page

Şərqşünaslıq İnstitutunda «Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında» kitabı işıq üzü görüb

26 Yanvar 2024

AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayevin «Şuşanın maddi-mədəni irsi epiqrafik abidələr əsasında» adlı monoqrafiyası işıq üzü görüb.

Kitabın elmi redaktoru və ön sözünün müəllifi akademik Gövhər Baxşəliyeva, rəyçiləri isə professor Sakit Hüseynov və tarix üzrə fəlsəfə doktoru Əmmar Abbasovdur.



Monoqrafiya əsərinin mövzusu və kitabda qarşıya qoyulmuş hədəflər olduqca aktual və öyrənilməsi mühüm problemlərdir. Belə ki, 30 il işğal dövründə erməni qəsbkarları tərəfindən maddi-mədəni irsimizə qarşı törədilmiş vandal aktlarının, o cümlədən dağıdılmış və yaxud təhqir və ya təhrif edilmiş abidələrin müəyyənləşdirilməsi çox böyük əhəmiyyət kəsb edir. Başqa ifadə ilə desək, Şuşa şəhərinin tarixinin və maddi-mədəni irsinin müxtəlif yönləri ilə yeni baxış bucağı və yeni reallıqlar əsasında tədqiq edilməsi Azərbaycan elminin qarşısında duran mühüm vəzifələrdən biridir.

Tədqiqat əsəri struktur baxımından giriş, iki fəsil, bir neçə paraqraf, nəticə və ədəbiyyat siyahısından ibarətdir. Əsərin birinci fəslində Qarabağın və Şuşa şəhərinin tarixinə, toponimikasına, bu torpaqlarda yaşamış xalqların etnogenezinə və XIX əsrin ikinci yarısına qədər bu coğrafiyada cərəyan etmiş ictimai-siyasi hadisələrinə qısa şəkildə nəzər salınıb.

Əsərin ikinci fəslində Şuşa şəhərinin tarixi və maddi-mədəni irsi, XVIII-XIX əsrlərdə bu regionda hakim olmuş ictimai-dini ideologiya, o cümlədən iqtisadi-siyasi vəziyyət və bir sıra digər məsələlər epiqrafik abidələr əsasında tədqiq edilib.

Qeyd etmək lazımdır ki, bütövlükdə Azərbaycan, ələlxüsus Şuşa şəhəri epiqrafik abidələrlə, inşaat kitabələri və məzar daşları üzərinə həkk olunmuş yazılarla zəngin bir məkandır. Yazılı kitabələr, üzərinə hörülmüş hər hansı bir inşaat binası və tarixi abidə haqqında ilk mötəbər qaynaqlar hesab olunur. Yazılı kitabələr abidə haqqında ilk zəruri məlumatları verməklə yanaşı, aid olduğu dövrün və ərazinin mədəniyyəti, memarlığı, ideoloji və ictimai fikri, eyni zamanda dil xüsusiyyətləri haqqında dolğun təsəvvürlər yaradır.

Təqdim edilən tədqiqat əsərində Şuşa şəhərinin tarixinə və mədəniyyətinə məhz epiqrafik abidələr əsasında işıq salınıb. Doğrudur, Şuşa şəhərinin epiqrafik abidələri əvvəllər, müxtəlif illərdə azərbaycanlı epiqrafist alimlər tərəfindən araşdırılsa da, bir çoxu diqqətdən kənarda qalmış və yaxud geniş şəkildə tədqiqata cəlb edilməmişdir. Əvvəllər heç bir alim tərəfindən araşdırılmamış bir çox epiqrafik abidələrin ilk dəfə olaraq E.Mustafayev tərəfindən aşkarlanması və tədqiq edilməsi əsərin səciyyəvi xüsusiyyətlərindən biridir. Şuşa şəhərində salamat qalmış və yaxud dağıdılmış müxtəlif təyinatlı abidələrin üzərində ərəb, fars və azərbaycan dillərində həkk olunmuş yazılar dəqiq oxunaraq, ana dilimizə tərcümə edilib.

Kitabda Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin tarixi və maddi-mədəni irsi tədqiq edilir. Əsərdə tarixi mənbələr, xüsusilə ən mötəbər qaynaqlardan biri hesab edilən epiqrafik abidələr əsasında Şuşa şəhərinin maddi mədəniyyət tarixi bütöv halda əks etdirilib. Şuşa şəhərinə aid süls, nəsx, nəstəliq xətləri ilə həkk olunmuş ərəb-fars və türkdilli kitabələrdəki mətnlər tədqiqatçı tərəfindən düzgün şəkildə oxunaraq, orijinal dillərdə sadə qrafikaya çevirilib, eyni zamanda həmin yazılar ana dilimizə tərcümə edilib və digər ənənəvi tarixi mənbələrlə qarşılaşdırılaraq geniş şəkildə şərhlər verilib. Şuşa şəhərinin maddi-mədəni irsi, o cümlədən XVIII-XIX əsrlərdə regionda cərəyan edən iqtisadi-siyasi və ictimai-dini hadisələrlə bağlı prosesləri öyrənmək istəyənlər üçün dəyərli mənbə olan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Tədqiqat Şuşanın tarixinə və mədəniyyətinə aid irsin araşdırılmasına həsr olunduğu üçün problemin həlli zamanı sistemli kompleks yanaşma və tarixi-müqayisəli metodlardan istifadə edilib. Tədqiqat zamanı mövzu ilə bağlı mənbələr arasında müqayisəli təhlil metodologiyasından, ümumilikdə analitik tədqiqat metodlarından istifadə olunub. Tədqiqatda qarşıya qoyulan vəzifələrdən asılı olaraq ümumiləşdirmə, abstraktdan konkretə yüksəlmə, tarixi-müqayisəli və sistemli yanaşma, analiz, sintez, induksiya və deduksiya kimi metodlardan istifadə edilib.

Məlumat üçün qeyd edək ki, E.Mustafayev tədqiqat zamanı iki dəfə rəsmi şəkildə Şuşa şəhərində elmi ezamiyyətdə olub, dövrümüzə gəlib çatmış yazılı abidələri müəyyən edib, onları siyahıya alıb, üzərindəki yazıları oxuyub və ehtiyac duyulduğu halda əlavə şərh və izahlar verib.

Oxuculara təqdim olunan kitab ümumilikdə Qarabağın, xüsusi ilə Şuşa şəhərinin tarixi, maddi-mədəni irsi ilə tanış olmaq istəyən şəxslərdə dolğun təsəvvür yaradacaq. Aparılan tədqiqatın əsas nəticəsi, elmi-nəzəri və təcrübi əhəmiyyəti, eyni zamanda tədqiqatın materialları tarix, epiqrafika, filologiya, dinşünaslıq və ilahiyyat fənlərinin tədris olunduğu ali təhsil müəssisələrində mühazirə və seminar zamanı istifadə edilə bilər. Bununla yanaşı Şuşa şəhərinin maddi-mədəni irsi, epiqrafik abidələri ilə bağlı yetkin təsəvvür yaratmaq və XVIII-XIX əsrlərdə regionda, o cümlədən Şuşada cərəyan edən iqtisadi-siyasi və ictimai-dini hadisələrin öyrənilməsində kitabı münasib mənbə hesab etmək mümkündür.