Seminarda Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Lalə Əhmədova “Çingiz Aytmatovun əsərlərində sosial-siyasi prioritetlər” mövzusunda məruzə edib. Eyni etno-genetik köklərə malik olan Azərbaycan və qırğız xalqları arasında ən qədim dövrlərdən bu günə kimi sıx tarixi-mədəni və sosial-siyasi əlaqələrin mövcud olduğunu deyən L.Əhmədova müştərək ədəbi-fəlsəfi, etnoqrafik, bədii-estetik və digər humanist dəyərlərin bu iki xalqı birləşdirdiyini, türk dünyasında özlərinə məxsus mövqe qazandırdığını qeyd edib. Çağdaş dövrümüzdə Azərbaycan-qırğız ədəbi əlaqələrinin möhkəmlənməsində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun önəmli rol oynadığını bildirən məruzəçi ədibin əsərlərini təhlil edərək, onun yaradıcılığında sosial-siyasi prioritetlərə diqqət çəkib.
Seminarın sonunda mövzu ətrafında müzakirələr aparılıb, L.Əhmədova tədbir iştirakçılarının suallarını cavablandırıb.