Şərqşünaslıq İnstitutunun əməkdaşlarının yazdıqları elmi-publisistik xarakterli məqalələrdə qeyd edilib ki, 1980-ci illərin sonlarında Ermənistanın Qarabağ ərazisinə olan iddiaları güclənib və bu, yerli azərbaycanlı əhalinin etnik təmizlənməsi ilə müşayiət olunub. 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində bir gecədə 613 dinc sakinin xüsusi amansızlıqla qətlə yetirildiyi soyqırımı isə erməni qəddarlığının kulminasiya nöqtəsi olub.
Bildirilib ki, Prezident İlham Əliyev Ermənistanın beynəlxalq normalara zidd olaraq törətdiyi və insanlıq faciələrinə, etnik təmizləmə və soyqırımına səbəb olmuş işğala ikili standartlarla yanaşmanın yolverilməzliyini dəfələrlə beynəlxalq kürsülərdən çox ətraflı və aydın bəyan edib.
Son illərin hadisələri ətraflı təsvir edilən yazılarda qeyd edilib ki, öz havadarlarının maşasına çevrilmiş Ermənistan 2020-ci il iyulun 12-də Azərbaycanın dövlət sərhədini Tovuz istiqamətində pozaraq hücum edib. Dörd günlük döyüşdə geri oturdulan düşmən dərs almayaraq sentyabrın 27-də bütün cəbhə boyu geniş təxribata keçib. Bu təxribat həm dövlətimizin başçısının, həm də xalqımızın səbrini tükədib. Sentyabrın 27-dən başlanan Vətən müharibəsi Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində Qələbə ilə başa çatıb. Beləliklə, qalib ordumuzun və rəşadətli əsgər və zabitlərimizin şücaəti ilə noyabrın 8-də Qarabağın tacı Şuşa işğaldan azad edilib və üçrəngli bayrağımız şəhərin mərkəzinə sancılıb.
Şərqşünas alimlər 8 Noyabr – Zəfər Gününün 44 günlük Vətən müharibəsində müqəddəs torpaq uğrunda canından, qanından keçən igid əsgər və zabitlərimizin şəhidlik zirvəsinə ucaldığı, milli qürurumuzun, yenilməzliyimizin nümayiş etdirildiyi gün olmasını, Azərbaycan dövlətçilik tarixində və xalqımızın yaddaşında əbədi yaşayacaq Zəfər Gününün ümumxalq birliyinin təzahürü olduğunu vurğulayıblar.