“Akademik Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bütün elmi ictimaiyyətimiz kimi AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun çoxsaylı kollektivi tərəfindən də böyük ruh yüksəkliyi və məmnuniyyətlə qarşılanıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva söyləyib. O bildirib ki, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, Azərbaycan şərqşünaslıq və tarix elminin korifeyi Ziya Bünyadovun adı XX əsr Azərbaycan elminin tarixinə qızıl hərflərlə yazılıb.
“Ziya Bünyadov öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və Ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınmış, geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanıb.
O, eyni zamanda öz alim qələmi və alovlu çıxışları ilə Azərbaycanın bədxahlarına qarşı daim mübarizə aparır, milli mənafelərimiz və ərazi bütövlüyümüz uğrunda gedən ölüm-dirim savaşının önündə gedirdi. Ziya Bünyadovun elmi yaradıcılığına və fəaliyyətinə ən dəqiq və tutarlı dəyəri Ulu Öndərimiz Heydər Əliyev verib: “Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından Ziya Bünyadovun əsərləri əvəzsizdir”. Ziya Bünyadovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamın məhz onun ömür boyu uğrunda yorulmadan gərgin mübarizə apardığı amalın – Vətənin ərazi bütövlüyünün tam bərpa olunduğu günlərdə verildi”, - deyə Gövhər Baxşəliyeva qeyd edib.
İnstitutun baş direktoru Ziya Bünyadova göstərilən diqqətə görə dövlətimizin başçısına təşəkkürünü bildirib.