Hələ 1997-ci ildə Ulu Öndər Qırğızıstanda “Manas” dastanının 1000 illik yubiley tədbirində dərin məzmunlu çıxışı zamanı türk xalqlarının müasir əlaqələrinin qurulmasında, inkişaf etdirilməsində, xüsusilə Mərkəzi Asiya türk xalqlarının ədəbiyyatının, qarşılıqlı ədəbi əlaqələrin öyrənilməsinin çox vacib olduğunu qeyd edib. Ulu Öndərin sovet dövründə respublikamıza rəhbərlik etdiyi zaman Azərbaycan və Mərkəzi Asiya türk xalqları ilə qurulan əlaqələr forma və məzmun arasında fərqliliklərlə inkişaf edirdi. Dövrün şərtlərinə görə sovet xalqlarının əlaqələri kimi təqdim olunsa da, mahiyyət və məzmun etibarilə türk xalqlarının tarixi qardaşlıq əlaqələrinin yeni mərhələsi yaşanırdı. Dahi Lider hər zaman bu məsələyə xüsusi diqqət göstərib, türk xalqlarının mənəvi bağlarının qopmaması, tarixi köklər üzərində inkişaf etdirilməsi, bu istiqamətlərdə zəruri məqsəd və vəzifələrin həyata keçirilməsi üçün var qüvvəsi ilə çalışıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Mərkəzi Asiya ölkələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Həşimova söyləyib. O bildirib ki, Ulu Öndərin türk xalqları ilə bağlı strateji hədəfləri sayəsində hələ sovet dövründə Azərbaycan şərqşünaslığında Mərkəzi Asiya türk xalqlarının ədəbiyyatlarının, qarşılıqlı əlaqələrinin öyrənilməsi, xüsusilə özbək ədəbiyyatının, Azərbaycan-özbək əlaqələrinin öyrənilməsi istiqamətində əsaslı tədqiqatlar aparılıb. Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri, eləcə də elmi, ədəbi-mədəni münasibətləri uğurla inkişaf etdirilir.
Ulu Öndərin türk xalqlarının birliyini hədəf alan ali məqsədləri, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti rəhbər tutularaq, 2011-ci ildə AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda elm müəssisəsinin direktoru akademik Gövhər Baxşəliyevanın rəhbərliyi və təşəbbüsü ilə Uzaq Şərq və Mərkəzi Asiya ölkələri şöbəsi yaradılıb. 2016-cı ildə isə Mərkəzi Asiya xalqlarının və onlarla əlaqələrin müstəqil şəkildə öyrənilməsi, tədqiqatların daha yüksək səviyyəyə çatdırılması üçün ayrıca Mərkəzi Asiya ölkələri şöbəsi yaradılıb. Şöbənin əsas vəzifəsi Mərkəzi Asiya ölkələrinin tarixi, dini, ictimai-siyasi, mədəni, ədəbi, milli və xarici siyasi əlaqələrinin, iqtisadi inkişaf yolu və xüsusiyyətlərinin araşdırılması, bu ölkələrin Azərbaycan ilə hərtərəfli münasibətlərinin təhlili və onların inkişafına dair təkliflərin hazırlanmasıdır. Yarandığı dövrdən şöbədə bu istiqamətdə köklü araşdırmalar aparılıb, monoqrafiyalar və kitablar çap olunub. Özbəklər, qazaxlar, türkmənlər, qırğızlar, qaraqalpaqlar daxil olmaqla Mərkəzi Asiya xalqlarının, ölkələrinin siyasi vəziyyəti, iqtisadiyyatı, mədəniyyəti, ədəbiyyatı və Azərbaycanla əlaqələri öyrənilir. İqtisad elmləri doktoru Dünyamalı Vəliyevin “Mərkəzi Asiya dövlətlərinin formalaşması və inkişaf qanunauyğunluqları: ziddiyyətlər və sosial nəticələri”, dosent Rauf Qarayevin “Müasir Mərkəzi Asiyada təhlükəsizlik problemləri”, dosent Təranə Həşimovanın “Müasir Azərbaycan və Özbək əlaqələri milli məsələlər kontekstində” və digər çap olunmuş monoqrafiyalar son illərin uğurlu elmi nəticələridir. Filologiya elmləri doktoru Lalə Əhmədovanın “XX əsrin ikinci yarısı romanlarında əxlaq anlayışları (Ç.Aytmatov, Y.Səmədoğlu)”, siyasi elmlər doktoru Adil Mirabdullayevin “Müstəqillik dövründə Azərbaycan-Qırğızıstan əlaqələri”, gənc tədqiqatçı Hülya Aslanovanın “Müstəqillik dövründə Mərkəzi Asiya ölkələrinin müsəlman dünyasında yeri və rolu”, elmi işçi Dilbər Hüseynlinin “Mərkəzi Asiya ölkələrinin İkinci Qarabağ müharibəsində siyasi mövqeyi”, Dilbər Abdullayevanın “Hindistan və Pakistanda urdu dilinin dəyişmə və inkişaf xətti”, kiçik elmi işçi Nadejda Əsədovanın “Xəzər dənizində enerji resurslarının istifadəsində Azərbaycan-Türkmənistan əlaqələri” kimi aktual mövzulara həsr olunmuş tədqiqatları Mərkəzi Asiya ölkələrinin iqtisadi, siyasi vəziyyətlərini, ədəbiyyatlarını tədqiq edən, eyni zamanda, Azərbaycanla qurulan əlaqələrin tarixini, bu gününü, inkişaf perspektivlərini öyrənən qiymətli araşdırmalardır.
Qeyd edim ki, şöbənin fəaliyyətində gənc doktorant və dissertantların yetişməsinə xüsusi diqqət yetirilir. Onlar Azərbaycan-Qırğızıstan, Azərbaycan-Pakistan, Azərbaycan-Qazaxıstan münasibətlərini bir çox aspektdən tədqiq edirlər. Elmin məqsədyönlü inkişafını təmin etmək məqsədilə şöbənin əməkdaşları layihələrin, beynəlxalq tədbirlərin keçirilməsində yaxından iştirak edirlər. Elmmetrik göstəriciləri yüksək olan şöbənin gənc tədqiqatçıları Avropa dillərinə, yeni informasiya texnologiyalarına yiyələnərək, Mərkəzi Asiya ölkələri ilə elmi əməkdaşlığı inkişaf etdirir, bu istiqamətdə beynəlxalq akademik bazalarda təmsil olunurlar.
“Mərkəzi Asiya ölkələri şöbəsinin əməkdaşı olaraq uzun illərdir ki, Azərbaycan–özbək ədəbi əlaqələrinin ayrı-ayrı problemlərini araşdırıram. Azərbaycan-özbək mədəni-ədəbi əlaqələri, bu əlaqələrin tarixi və müasir problemləri o qədər dərin və məzmunludur ki, qeyd olunan istiqamətdə çoxlu tədqiqatlar aparıla bilər. Bildiyimiz kimi, dövlətlərarası münasibətlərdə iqtisadi əlaqələr ən vacib sahə hesab olunur. Lakin deyərdim ki, mədəni-ədəbi əlaqələrin qurulması və öyrənilməsi mühüm məsələdir. Çünki hər bir ölkənin vətəndaşının, hər bir millətin nümayəndəsinin milli ruhunun formalaşmasında bədii ədəbiyyatın rolu müstəsnadır. Bu gün Türk dünyasının bir araya gəlməsində türk xalqlarının milli ruhları, əsrlər boyu qurduğu mənəvi bağlar, mədəni əlaqələr təkan xarakteri daşımaqdadır.
Müstəqillik dövründə Azərbaycan-Mərkəzi Asiya ədəbi əlaqələri ilk dəfə tərəfimdən Mərkəzi Asiya ölkələri şöbəsində araşdırılıb. Azərbaycan və özbək, Azərbaycan-türkmən xalqlarının ədəbi əlaqələrindən bəhs edən “Poeziya körpüsü” kitabım, eyni zamanda, “XX əsr Azərbaycan ədəbiyyatı və Mərkəzi Asiya xalqları poeziyası” (Özbək və türkmən ədəbiyyatları əsasında) filologiya üzrə fəlsəfə doktoru elmi adı almaq üçün müdafiə etdiyim dissertasiya işi, “Müstəqillik dövründə Azərbaycan və özbək ədəbi əlaqələrinin aktual problemləri” filologiya elmləri doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işim, “Müasir Azərbaycan-Özbək ədəbi əlaqələri milli məsələlər kontekstində” monoqrafiyam və digər beynəlxalq akademik bazalarda, jurnallarda dərc olunan elmi məqalələrim məhz Azərbaycan-özbək ədəbi əlaqələrinin aktual problemlərinə həsr edilib. Müstəqil respublikamızın ədəbi əlaqələrindən, bu əlaqələrdə milli inkişaf xüsusiyyətlərindən bəhs edən “Müasir Azərbaycan-özbək ədəbi əlaqələri milli məsələlər kontekstində” monoqrafiyam 2019-cu ildə çap olunub. Dörd fəsildən, on iki bölmədən ibarət monoqrafiyada zəngin tarixə malik Azərbaycan və özbək ədəbi əlaqələri çoxsaylı faktlar və materiallar əsasında araşdırma obyektinə çevrilib, müasir Azərbaycan və özbək poeziyalarının ortaq xüsusiyyətləri, qarşılıqlı bədii tərcümə problemləri, müstəqillik dövründə Azərbaycan və özbək xalqlarının ədəbiyyatlarının nəzəri-tipoloji (komparativistik) müqayisəsi, müstəqillik dövründə qarşılıqlı ədəbi nəşrləri və digər elmi-ədəbi məsələləri diqqət mərkəzində saxlanılır”,- deyə Təranə Həşimova bildirib.