E.Mustafayev tədqiqat zamanı Yuxarı Gövhər Ağa məscidinin həyətində mövcud olan kiçik məzarlığa aid epiqrafik abidələrə həkk olunmuş yazılarda bəzi maraqlı faktları aşkarlayıb. Xatirə abidələrinə ərəb-fars dillərində həkk olunmuş yazıların tədqiqi zamanı məlum olub ki, burada dəfn olunanların mütləq əksəriyyəti 1905-ci ildə ermənilərin Şuşa şəhərində azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində həlak olan şəxslərin məzarlarıdır.
Həmin məzarlıqdakı bir neçə başdaşının üzərinə həkk olunmuş yazılar xüsusi maraq və əhəmiyyət kəsb edir. Həmin xatirə abidələrindən birinin üzərində qeyd olunan mətnin tərcüməsi: “1323-cü il rəcəb ayının əvvəlində ermənilər tərəfindən qətlə yetirilmiş Məşədi Süleyman Kərbəlayi Rüstəm oğlunun qəbiridir”.
Məzarın üzərində göstərilən tarix Miladi təqvimi ilə 1905-ci ilin avqust ayına təsadüf edir ki, həmin ildə ermənilər tərəfindən müxtəlif bölgələrdə azərbaycanlılara qarşı kütləvi qətliamlar təşkil edilib. Burada vacib olan məqam isə məzarın üzərində “ermənilər tərəfindən qətlə yetirilmişdir” ifadəsinin xüsusi qeyd edilməsidir. Bu, erməni vəhşiliyini və mənfur düşmənin xalqımıza qarşı törətdiyi cinayətləri sübut edən əyani faktdır.
Qeyd edək ki, 1905–1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər əvvəlcə Bakıda, sonra İrəvanda, Naxçıvanda, Gəncədə, Qarabağda, Zəngəzurda, Qazaxda və Tiflisdə dinc azərbaycanlılara qarşı qırğınlar törədiblər. 1905-1906-cı illərdə Cənubi Qafqazda erməni və azərbaycanlı müsəlmanlar arasında ən kəskin döyüşlər Gəncə quberniyasının Şuşa və Gəncə şəhərlərində olub. M.S.Ordubadi “Qanlı illər” əsərində Şuşada baş verən hadisələrlə bağlı yazırdı ki, 1905-ci il avqustun 8-də gecə saat iki radələrində ermənilər küçədə bir azərbaycanlı müsəlmanı xəncərlə doğrayıb vəhşicəsinə öldürməklə ermənilərlə müsəlmanlar arasında yeni münaqişə toxumları səpdilər.
Tarixi mənbələrdə qeyd edilən məlumatlara əsasən avqustun 16-da erməni daşnak silahlıları üç istiqamətdə Şuşanın azərbaycanlı-müsəlman əhalisi üzərinə hücuma keçdilər. Ermənilərin 1-ci dəstəsi Yuxarı Xəlfəli qapısına, 2-ci dəstəsi Meydana, 3-cü dəstəsi Köçərli məhəlləsinə hücum etdilər. Qalan ermənilər isə əvvəldən qazılmış səngərlərə girdilər. Ermənilər Köçərli məhəlləsində beş nəfəri, doxsan yaşlı Abbas bəyi, onun oğlu və qardaşı oğlunu, Nuşirəvan adlı bir gənci gəlini ilə birlikdə öldürüb evlərinə od vurdular. Ermənilər Köçərli məhəlləsində on beşə qədər müsəlman evini qarət edib yandırdılar. 1905-ci il avqust hadisələrində Şuşa şəhərində yüzədək azərbaycanlı-müsəlman erməni silahlıları tərəfindən öldürülüb və iyirmiyə qədər müsəlman evi yandırılıb.
Bu xüsusda Azərbaycan tarixinin öyrənilməsi və tarixi sərhədlərinin müəyyənləşdirilməsində epiqrafik abidələr böyük əhəmiyyətə malikdir. Bu nöqteyi-nəzərdən epiqrafik abidələrin tədqiqi və qəbirüstü abidələrdə əks olunmuş epitafiyaların yeni reallıqlar kontekstində oxunması müasir Azərbaycan elminin qarşısında duran aktual problemlərdən biridir. Belə ki, epiqrafik abidələrdə həkk olunmuş yazılar regionda yaşayan xalqların təşəkkülünün həm ilkin mərhələlərini, həm də əhalinin etnoqrafik, linqvistik və antropoloji xüsusiyyətlərinin formalaşması proseslərinin, eləcə də xalqın etnogenezinin, dini-milli dünya görüşünün və əhali arasında hakim olan ideoloji məsələlərin müəyyənləşdirilməsində ən əlverişli vasitələrdən biridir.
İşğaldan azad olunmuş Azərbaycanın ayrılmaz bir hissəsi olan Qarabağ ərazisində mövcud olan epiqrafik abidələrin öyrənilməsi çox böyük əhəmiyyətə malikdir. Qarabağda inşa olunmuş məscid, mədrəsə, karvansara və türbələrin üzərindəki daş kitabə yazıları, eyni zamanda, müsəlmanlara aid qəbirüstü epitafiyalar bir çox həqiqətlərin üzə çıxarılmasında və erməni yalanların ifşasında mənbə kimi istifadə edilə bilər.