2002-2010-cu illər ərzində AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda işləyib. 2002-2005-ci illər arasında Azərbaycanda fəaliyyət göstərən Türkiyə Təhsil Nazirliyi nəzdində FONO Açıq Öyrətim mərkəzində şöbə müdiri olaraq çalışıb, eyni zamanda 2003-2004 və 2007-2008 tədris illərində Bakı Dövlət Univesitetinin Şərqşünaslıq fakültəsində pedaqoji fəaliyyətlə məşğul olub. 2001-2010-cu illərdə dövlət səviyyəsində keçirilən beynəlxalq tədbirlərdə sinxron tərcüməçi olaraq fəaliyyət göstərib. 2004-cü ildə Türkiyə Respublikasının Azərbaycandakı səfirliyində staj keçib.
2007-ci ildə «Müasir Türkiyədə modernləşmənin sosial-mədəni təhlili» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fəlsəfə elmləri namizədi elmi dərəcəsini,2016-cı ildə «Postmodern və Türkiyə ictimai şüurunun inkişaf konseptlərinin təhlili» mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək fəlsəfə üzrə elmlər doktoru elmi dərəcəsini, 2013-cü ildə isə “Fəlsəfi antropologiya” ixtisası üzrə dosent elmi adını alıb.
AMEA Şərqşünaslıq İnstitutunda fəlsəfə üzrə təşkil olunan 09.00.13 (Dinşünaslıq, mədəniyyətin fəlsəfəsi) indeksli birdəfəlik müdafiə şuralarının üzvü, qeyd edilən ixtisas üzrə elm-nəzəri nəşrlərin rəyçisi olub. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının eksperti, əl-Farabi adına Qazaxıstan Milli Universitetinin xarici ekspertidir.
Elmi fəaliyyətlə yanaşı ictimai işlərdə çalışmış, dövlət əhəmiyyətli tədbirlərə cəlb olunmuşdur. 2005-2010-сu illərdə Şərqşünaslıq institutunun Gənc Alimlər Şurasının sədri, eyni zamanda AMEA-nın Gənclərin İntellektual İnkişaf Mərkəzi Humanitar və İctimai elmlər bölməsinin rəhbəri və mərkəzin büro üzvü, 2013-2017-ci illərdə AMEA Fəlsəfə və Hüquq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, 2014-2017-ci illərdə isə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının idarə heyətinin üzvü olub.
2008-2010-cu illərdə AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzinin, Azərbaycan Respublikası Gənclər və İdman nazirliyinin və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təşəbbüsü ilə nəşr olunan “Gənc alimlərin əsərləri” elmi jurnalının redaksiya heyətinin üzvü, 2011-2017-ci illərdə AMEA Fəlsəfə İnstitutunda nəşr olunan “Elmi əsərlər” jurnalının redaktor müavini olmuşdur.
2010-cu ildə Türkiyə Respublikasının Egey Universiteti tərəfindən həmin universitetdə məruzə oxumaq üçün rəsmi dəvət edilmişdir.
2011-2017-ci illər arasında AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda elmi işlər üzrə direktor müavini vəzifəsində çalışmış, 2017-ci ildən elmi fəaliyyətini AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda davam etdirir, 2020-ci ildən isə “Şərqşünaslıq elminin tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri vəzifəsində çalışır.
Ölkədə və ölkədən kənarda bir çox beynəlxalq konfrans və qurultayların təşkilat və elmi komitələrinin, bir neçə beynəlxalq təşkilatın üzvü və beynəlxalq jurnalların redaksiya heyətinin üzvü seçilmişdir.
Beşkitabın – “The Challenges of Contemporaneity: Postmodernity and Multiculturalism” (ingilis dilində, Springer, 2016), “Постмодерн и мультикультурализм: междисциплинарный дискурс” (rus dilində, Bakı, 2015), «Незападная современность в дискурсе постмодернизма и культурной полифонии» (rus dilində, Bakı, 2015), “Rus ve Azerbaycan Kaynaklarında Türk Modernleşmesi” (Türkiyə türkcəsində, Ankara, 2012), “Пути развития турецкой литературы» (rus dilində, R.Əhmədov ilə həmmüəllifliklə, Bakı, 2001), 2014-cü ildə isə İngiltərənin Kembric Skolars Pablişinq nəşriyyatının (Cambridge Scholars Publishing) kitabında və Oksfordda nəşr olunan topluda fəsillərin, postmodernizm, multikulturalizm, mədəniyyətlərin dialoqu, dialoqun fəlsəfəsi, «Şərq-Qərb», qeyri-Qərb müasirliyi, modernizm, modernləşmə, ictimai şüurun inkişafı, alternativ modernizmlər, ictimai-mədəni transformasiyaların, ideologiya, media siyasəti, informasiya müharibələri, yumşaq güc və s. mövzularina həsr olunmuş 160-dan çox elmi əsərin müəllifidir, bunların yarısı respublikadan kənarda, o cümlədən beynəlxalq indeksləmə sistemlərinə daxil olan jurnallarda çap olunub.
“Challenges of contemporaneity: postmodernity and multikulturalizm” (Müasirliyin çağırışları: postmoderniti və multikulturalizm)” adlı kitabı dünyanın ən nüfuzlu beynəlxalq elmi nəşriyyatlarından olan “Springer” nəşriyyatı tərəfindən 2021-ci ildə “SpringerLink Religion and Philosophy” elektron kitablar kolleksiyasına daxil edilib.
Həm respublikamızda, həm də xaricdə (İngiltərə, İtaliya, Fransa, Cənubi Koreya, Yunanıstan, Türkiyə, Rusiya, Litva, Kipr, Belarus, Qazaxıstan, Türkmənistan, Gürcüstan və s.) bir çox ölkədə 100-dən çox beynəlxalq konfransda məruzələrlə çıxış etmişdir. 54 sertifikatın sahibidir.
2007-ci ildə INTAS-ın grantını (gənc alimlər üçün Marie Curie proqramı) udub.
2010-cu ildə MDB üzv ölkələrinin gənc alimləri arasında keçirilən “Debütlar birliyi” («Содружество дебютов») Beynəlxalq mükafat uğrunda müsabiqənin “Humanitar və ictimai elmlər” nominasiyası üzrə laureatıdır.
2002-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Şərqşünaslıq bölməsi üzrə ən yaxşı məruzəyə görə diplomla; 2007-ci ildə AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi tərəfindən Fəxri Fərman (Dövlət gənclər siyasətinin həyata keçirilməsində fərqləndiyinə, gənc alimlərin mənafelərini müdafiə edən məsələlərdə fəal mövqe tutduğuna görə və 2007 – «Gənclər İli» münasibətilə) ilə; 2008-ci ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən 2007-ci ildə elm sahəsində nailiyyətlərə görə “İlin gənc alimi” kimi diplom və mükafatla; 2015-ci ildə AMEA-nın 70 illik yubileyi münasibətilə uzunmüddətli məhsuldar elmi fəaliyyət nəzərə alınaraq AMEA İctimai Elmlər Bölməsi tərəfindən Fəxri Fərmanla təltif edilmişdir.
Eyni zamanda R.O.Rzayevaya həm Respublikada, həm da Respublikadan kənarda beynəlxalq fəaliyyətinə görə təşəkkür bildirilmişdir: 2003-2004, 2004-2005, 2006-2007, 2007-2008 tədris illərində buraxılış imtahanlarının qəbulunda fəaliyyətinə görə Türkiyə Respublikası Təhsil Nazirliyi FONO Açıköğretim Qurumu tərəfindən təşəkkürnamələr verilmişdir. 2010-cu ildə Türkiyə Respublikasının Egey Universitetinin rəhbərliyi tərəfindən təşəkkürnamə təqdim edilmişdir. 2011-ci ildə 7-9 apreldə “Ümumdünya mədəniyyətlərarası dialoq” forumu çərçivəsində keçirilən “Müasir dünyada mədəniyyətlərin müxtəlifliyi və dialoq fəlsəfəsi” mövzusunda beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə görə AMEA-nın prezidentinə ünvanlanan məktubda təşəkkür bildirilmişdir. 2013-cü ildə Türkiyə Respublikasının Ailə və Sosial Siyasət Nazirliyi tərəfindən təşəkkür verilmişdir. 2014-cü ildə Türkiyə Elmlər Akademiyası tərəfindən “Elmdə və texnologiyada qadın” layihəsinin həyata keçirilməsində iştiraka görə təşəkkür bildirilib.