Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Professor: Yazılı abidələrin tədqiqi və nəşri şöbəsində çoxşaxəli tədqiqatlar aparılır

17 İyun 2023

Yazılı abidələrin tədqiqi və nəşri şöbəsi 1958-ci ildən başlayaraq AMEA-nın Şərqşünaslıq İnstitutunun tərkibində fəaliyyət göstərir. Bu müddət ərzində yüzlərlə əlyazmaların tekstoloji və filoloji tədqiqatları aparılıb, Şərqin məşhur alim və mütəfəkkir, filosof, filoloq, şair və yazıçılarının əsərləri çap olunub. Şöbənin tədqiqat işi ənənəvi olaraq geniş Yaxın və Orta Şərq arealını əhatə etsə də, son illərdə Azərbaycan alimlərinin maraq dairəsinə yeni regionlar, o cümlədən Mərkəzi Asiya, Pakistan, İsrail və digər ölkələr daxil olur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Mehdi Kazımov söyləyib.

 

Professor bildirib ki, şöbənin fəaliyyəti əsasən iki istiqamətə yönəlib. Bu, orta əsrlər əlyazma mirasının öyrənilməsi və tərcümə işidir. Son dövrlərdə Əbu Bəkr əl-Qütbi əl-Əhərinin “Tarix-e şeyx Üveys”, Həmdullah Qəzvininin “Zeyl-e tarix-e qozide”, Zeyn əd-dinin “Zeyl-e tarix-e qozide”, Farabinin “Kitab fi ara əhl əl-mədinətül-fadilə”, Qəzalinin “Mihhak ən-nəzər”, İmadəddin İsfahaninin “Xəridətül-qəsr”, Əlaəddin Çələbinin “Kitab-e tac-e ədəb”, Əhməd Nədimin “Divan”ı və s. tarixi, fəlsəfi, ədəbi əsərlər araşdırılaraq çap olunub. Bununla belə, Əbu Bəkr əl-Əhəri, Zeyn əd-din, Həmdullah Qəzvini, əs-Səalibi, Əlaəddin Çələbinin əlyazma əsəsrləri bəzən nadir nüsxələrdə qorunur və ilk dəfə elmi dairələrə təqdim edilir.

Geniş ictimaiyyətə məlum olmayan müəlliflərin əsərləri ilə yanaşı, şöbənin mütəxəssisləri Əmir Xosrov Dəhləvi, Abdullah Hatifi, Əbdürrəhman Cami, Kəlim Kaşani, Şəhabəddin Söhrəvərdi, Farabi və s. kimi görkəmli şəxsiyyətlərin əsərləri ilə də məşğul olurlar. Bu baxımdan Nizami Gəncəvi ilə bağlı olan tədqiqatları qeyd etmək lazımdır. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizaminin yaradıcılıq irsi Azərbaycan elmi üçün həmişə aktual mövzu olub. XX əsrin II yarısında və sonrakı illərdə şöbədə Nizami “Xəmsə”sinin tənqidi mətnləri və tərcümələri hazırlanıb, 2021-ci ildə isə şairin 880 illiyi ilə bağlı “Nizaminin “Xəmsə”si və farsdilli ədəbiyyat” adlı ingilis dilində monoqrafiya, həmçinin Camali Təbrizi, Abdullah Hatifi və digər Nizami ardıcıllarının əsərləri və onların yaradıcılığı haqqında kitablar çap olunub.

Alim vurğulayıb ki, elmi fəaliyyətin müstəqil istiqaməti orta əsrlər sufi ədəbiyyatının öyrənilməsi və tərcüməsidir. Fars dilindən Məhəmməd bin Münəvvərin “Əsrarüt-tövhid”, Nəcməddin Razinin “Mirsadül-ibad”, Fəxrəddin İraqinin “Ləməat”, Abdullah Ənsarinin “Minacat”, Fəridəddin Əttarın “Təzkirətül-övliya”, həmçinin Şəhabəddin Söhrəvirdinin yeddi əsəri kimi bütöv fundamental əsərlər silsiləsi tərcümə olunub. İlk dəfə şöbədə yəhudi Bibliyası “Tanax” ibri dilindən akademik səviyyədə tərcümə olunmuş və şərhlərlə çap edilib.

 

“Mənbəşünas alimlər orta əsr Azərbaycan şairi, alimi, mütəfəkkirlərinin əsərlərinin öyrənilməsi və tərcüməsinə böyük diqqət ayırırlar. Bəzi müəlliflərin yaradıcılığı haqqında hətta orta əsr mənbələrində çox az məlumat mövcuddur və onların əsərləri yalnız yeganə əlyazma nüsxələrində saxlanılır. Məsələn, ilk dəfə Londonun “İndia Offis” kitabxanasında qorunan “Xəmsə”nin yeganə əlyazması əsasında XIV-XV əsr şairi Camali Təbrizi haqqında monoqrafiya çap olunub, müntəzəm olaraq əsas Əşrəf Marağayi, Saib Təbrizi, Bədr Şirvani və başqa Azərbaycan şairlərinin yaradıcılığı öyrənilir. Bundan əlavə, İbn Kəsirin “əl-Bidayə vən-nihayə”, Səalibinin “Yətimətüd-dəhr”, Xondəmirin “Həbibüs-siyər”, İmadəddin İsfahaninin “Nüsrətül-fətra” kimi tarixi, fəlsəfi əsərlərdə, eləcə də antalogiyalarda Azərbaycan və onun şairləri haqqında məlumatlar sanki zərrə-zərrə toplanılır. Göründüyü kimi şöbə çoxşaxəli iş aparır və geniş sahələrdə çalışan mütəxəssislərə, eləcə də Şərq problemləri ilə maraqlanan oxuculara müxtəlif dillərdə yazılmış orta əsr mənbələrindən istifadə etmək imkanı yaradır”, - deyə Mehdi Kazımov bildirib.

Download Template Joomla 3.0 free theme.