Daha sonra Sinan Yağmur və Mehmet Nuri Parmaksız Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüblər. Yazıçıları tədbir iştirakçılarına təqdim edən akademik G.Baxşəliyeva onların əsərlərinin tək Türkiyədə deyil, ölkələrinin sərhədlərindən kənarda da, o cümlədən Azərbaycanda sevilərək oxunduğunu qeyd edib, bir sıra təsəvvüfi bioqrafik romanları ilə tanınan Sinan Yağmurun «Eşqin göz yaşları» adı ilə çap olunan silsilə kitablarının bir çox dillərə, o cümlədən Azərbaycan dilinə tərcümə edildiyini bildirib, son 10 ilin ən çox oxunan yazıcısı olaraq kitablarının 14 dilə tərcümə edildiyini vurğulayıb.
Sinan Yağmur şərqşünas alimlərə öz həyat yolu və əsərləri barədə bəhs edərək, yaradıcılığının əsas istiqaməti olan təsəvvüfdən danışıb. Türkiyəli yazıçı Azərbaycan ədəbiyyatının vurğunu olduğunu qeyd edib.
Mehmet Nuri Parmaksız öz ədəbi yaradıcılığı və Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyinin rəhbəri kimi fəaliyyətindən bəhs edib.
Sonda türkiyəli yazıçılar görüş iştirakçılarının suallarını cavablandırıblar.