Print this page

Şərqşünaslıq İnstitutunda akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə "Zərifliyə ithafən" adlı sərginin açılışı olub

28 Aprel 2023

Aprelin 28-də AMEA-nın akademik  Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda görkəmli oftalmoloq-alim,  akademik Zərifə xanım Əliyevanın 100 illik yubileyi münasibəti ilə  institutun qadın əməkdaşlarının əl işlərindən ibarət "Zərifliyə ithafən" adlı sərginin açılışı olub.

İnstitutun Qadınlar Şurasının təşkilatçılığı ilə keçirilən sərgidə əməkdaşlardan Fidan Nəsirova, Pərvin Əfəndi, Lalə Əliyeva, Günay Verdiyeva, Lalə Mikayılzadə, Zülfiyyə Vəliyeva-Önlən, Gülnar Quliyeva, Rəna Qocayeva, Röya Mirzəbəyova, Solmaz Namazova, Aynurə Kərimova və başqalarının 70-dən çox əl işi nümayiş olunur.



Sərginin açılışında çıxış edən Şərqşünaslıq İnstitutunun icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü səhiyyə tariximizdə əvəzedilməz yeri olan Zərifə xanım Əliyevanın Azərbaycan tibb elmində böyük xidmətləri olan bir alim olduğunu deyərək, bu il görkəmli oftalmoloqun 100 illik yubileyi ilə əlaqədar Şərqşünaslıq İnstitutunda bir neçə tədbirin, o cümlədən beynəlxalq konfransın keçirildiyini qeyd edib. Zərifə xanımın bir zəriflik təcəssümü olduğunu deyən R.Cümşüdlü institutun tədbirləri sırasında bu gün görkəmli alimin yubileyinə həsr olunan və institut əməkdaşlarının əl işlərinin nümayiş etdirildiyi "Zərifliyə ithafən" adlı sərginin təşkil olunduğunu bildirib və sərgidə təqdim olunan yaradıcılıq nümunələrinin  müxtəlifliyi, rəngarəngliyi ilə seçildiyini vurğulayıb.

İnstitutun Qadınlar Şurasının sədri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xanımzər Kərimova çıxış edərək bildirib ki, adətən ciddi elmi müzakirələr, seminar və konfranslarda  elmi araşdırmalar, tədqiqatlarla sözünü deyən əməkdaşlar bu dəfə özlərini kifayət qədər peşəkarcasına fərqli ampulada, yaradıcılıq müstəvisində  təsdiqləyiblər. Sərgiyə təqdim olunan əsərlər həm universal təfəkkürə sahib şərqşünas alimlərin daxili dünyalarına tutulan güzgü, həm də  sonsuz rəng spektorunu özündə ehtiva edən incə qadın duyğularının incəsənətdə  təzahürüdür.  Sərgidə rəngkarlığın mənzərə, natürmort,  dekorativ-tətbiqi sənətin ikebana, floristika, tikmə, toxuma, vitraj, kollaj, dekupaj kimi ən müxtəlif növlərinin, milli incəsənət nümunələri təmsil olunub. Kətan üzərində akril, yağlı və sulu boyalarla çəkilmiş əsərlərdə rənglərin harmoniyası, abstrakt janrda təqdim olunan lövhələrdəki kontrastlılıq, təxəyyül azadlığı bu işlərin yüksək bədii dəyərinin göstəricisidir. Həmçinin, ağac köklərindən hazırlanmış ikebanalar, quru güllərdən yığılmış  kompozisiyalar da  tamaşaçılar tərəfindən böyük rəğbət və maraqla qarşılanan nümunələr arasında yer alır.

Sərgidə əl işləri nümayiş etdirilən əməkdaşların adından Fidan Nəsirova çıxış edərək, təşkilatçılara təşəkkürünü bildirərək, bu cür tədbirlərin, əl işlərinin dəyərləndirilməsinin iştirakçıları ruhlandırdığını və gələcək işlərinə də həvəsləndirdiyini qeyd edib.

Daha sonra sərgiyə gələn institut əməkdaşları və qonaqlar təqdim edilən əl işləri ilə tanış olublar.

Qeyd edək ki, "Zərifliyə ithafən" adlı sərgi may ayının 3-dək davam edəcək.