G.Baxşəliyeva 1918-ci ilin martında ermənilər tərəfindən törədilən qətliamın insanlığa sığmayan vəhşilik olduğunu söyləyərək, bu soyqırıma Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə hüquqi-siyasi qiymət verilərək, 31 mart Azərbaycanlıların Soyqırımı Gününün təsis edildiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamını xatırladıb.
Gövhər xanım Azərbaycan xalqına qarşı ötən əsrin əvvəllərində həyata keçirilən soyqırım ilə bağlı yeni faktların üzə çıxarılması istiqamətində Şərqşünaslıq İnstitutunda əhəmiyyətli işlər görüldüyünü bildirərək, İnstitut əməkdaşlarının bu sahədə apardıqları tədqiqatların, hazırladıqları və ya tərcümə etdikləri kitabların Arazın hər iki tayında ermənilərin azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınların, qarətlərin, deportasiya aktlarının əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rolunu vurğulayıb.
1918-ci ilin martında Azərbaycanın müxtəlif bölgələrində ermənilər tərəfindən törədilən soyqırımı hadisələri ilə bağlı çoxsaylı kitabların müəllifi, AMEA Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi məruzəsində həmin dövrdə Bakıda, Qubada, Şamaxıda, Qarabağ-Zəngəzurda, Göyçayda, Cavadda, Ərəşdə törədilən soyqırımlar barədə ətraflı məlumat verib.
İnstitutun Cənubi Azərbaycan şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Həsən Səfəri “1918-ci ildə Güney Azərbaycanın qərb bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırım” mövzusunda məruzə edib. H.Səfəri bildirib ki, 1918-ci il soyqırımının məqsədi türk əhali ilə müqayisədə əhalinin çox az hissəsini təşkil edən ermənilərə dövləti yaratmaq üçün Şimali Azərbaycan və Şərqi Anadoluda olduğu kimi, Cənubi Azərbaycanın qərb bölgəsində də əhalinin əksəriyyətini soyqırıma məruz qoyub, demoqrafik dəyişikliklə buna nail olmaq olub. Ümumilikdə İran dövlətinin yaratdığı komissiyasının hesabatına görə bu soyqırımı nəticəsində Cənubi Azərbaycanın qərb bölgəsində 1918-ci ildə 200 minə qədər günahsız azərbaycanlı qətlə yetirilib.
Sonda məruzələr ətrafında müzakirələr aparılıb.