Bu gün ölkəmizdə elmin inkişafının, iqtisadiyyatın və istehsal prosesinin elmi əsaslar üzərində qurulmasının dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən edildiyini deyən G.Baxşəliyeva, bu baxımdan Azərbaycanın davamlı inkişafı naminə elm və təhsilin bir-birinə inteqrasiya olunmuş şəkildə, müasir texnologiyaların, innovasiyaların tətbiq edilməsi və cəmiyyətin maraqlarının qorunması şərtilə inkişaf etdirilməsinin əsas prioritet məsələ olduğunu qeyd edib.
Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov “XIX əsrin I yarısında Avropa və Azərbaycanda elm” mövzusunda məruzə edib. Bəhs edilən dövrdə Avropada və Azərbaycanda sosial-iqtisadi və siyasi vəziyyəti təhlil edən məruzəçi daha sonra elmi inkişafa təkan verən və ya onu ləngidən amillərdən danışıb. XIX əsrin I yarısında Avropada bəzi texniki nailiyyətlərdən, dəqiq və təbiət elmlərinin inkişafından, elmin istehsalatda tətbiqindən danışan N.Məmmədov, həmin dövrdə Şimali Azərbaycanda da elmi nailiyyətlərdən, ictimai və humanitar elmlərin inkişafından, doğma diyarın tarixi keçmişini öyrənməyə daxili tələbat hissinin formalaşmasından bəhs edib.
Elmi sessiyada Din və ictimai fikir şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Elnur Mustafayev “Qloballaşma dövründə elm və təhsilin rolu”, Türk filologiyası şöbəsinin elmi işçisi Xanım Abdullayeva “Elm – inteqrasiya etmiş ictimai əsaslar müstəvisində” mövzusunda məruzə ediblər. Sonda məruzələr ətrafında müzakirələr aparılıb.