2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir.
Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış, öz xalqına sıx bağlılığın, milli dövlәtçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir.
Xalqımızı vahid amal ətrafında birləşdirən azərbaycançılıq ideologiyasının formalaşdırılması, ana dilinin dövlət qayğısı ilə əhatə olunması, ictimai-siyasi, elmi və mədəni fikir tariximizin əlamətdar hadisələrinin müntəzəm qeyd edilməsi ənənəsinin yaradılması, Azərbaycanın çoxəsrlik mənəvi-mədəni irsə sahib qədim diyar və sivilizasiyaların qovşağında yerləşən tolerantlıq məkanı kimi geniş şöhrət qazanması Heydər Əliyevin mükəmməl quruculuq proqramının tərkib hissələri olmuşdur.
Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynamışdır.
AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev ili” elan olunmasına həsr olunmuş “Heydər Əliyev və müasir Şərq” mövzusunda Beynəlxalq elmi konfrans təşkil edəcəkdir. Konfrans 3 və 4 may 2023-cü il tarixində keçiriləcəkdir.
AMEA akad.Z.Bünyadov adına Şərqşünaslq İnstitutu Beynəlxalq konfransa tezislərin qəbulunu elan edir.
Tezislər Azərbaycan, türk, ingilis, rus, ərəb dillərində qəbul edilir.
Məruzə tezislərinin mətni 300-350 sözdən ibarət olmaqla Microsoft Word redaktorunda “Times New Roman” şriftilə -14, sətirlərarası interval 1,5 olmaqla yazılmalıdır. Tezislər konfransın aşağıdakı elektron ünvanına göndərilməlidir: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Tezislərin qəbulunun son tarixi: 5 aprel 2023-cü il
Qəbul olunan tezislərin elanı: 12 aprel 2023-cü il
Ünvan: Bakı şəhəri, H.Cavid pr. 117, AMEA-nın Əsas binası,VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq
Əlaqə telefonu: +994 55 392 96 41