Print this page

Akademik: Nizaminin əsərləri onun Azərbaycan türkü olduğuna heç bir şübhə yeri qoymur

13 Mart 2023

İranın paytaxtı Tehranda keçirilmiş “Nizami Gəncəvi həftəsi”nin açılış mərasimində İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü şairi “fars zadəganlarından olan İran şairi” kimi təqdim edib. Onun “Gəncəvi məhz İranın təsiri altında yaradıcılıqla məşğul olub” sözləri narazılıqla qarşılanıb.

Məlumdur ki, Nizami yaradıcılığı bütün elmi parametrlərinə - ideya-məzmun və bədii-estetik mahiyyətinə görə müəllifin məhz Azərbaycan türkü olduğuna heç bir şübhə yeri qoymur.

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva söyləyib.

 

Akademik Azərbaycan Respublikası Prezidentinin “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumunun açılış mərasimində çıxışına diqqət çəkərək deyib: “Dövlətimizin başçısı çıxışının əvvəlində Nizami Gəncəvi Beynəlxalq Mərkəzin fəaliyyətindən danışdı. O, dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıdığı Mərkəzə şairin xatirəsinə və irsinə olan dərin hörmətinə görə təşəkkürünü bildirdi. Prezident çıxışında “Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir”, - deyə vurğuladı.

Düşünürəm ki, Azərbaycan Prezidentinin bu sözləri dahi Nizami Gəncəvinin şəxsiyyətini və yaradıcılığını mənimsəmək istəyənlərə ən gözəl və tutarlı cavabdır”.