Print this page

Akademik: X Qlobal Bakı Forumu dahi Nizaminin humanizm təliminin günümüzdəki məntiqi davamıdır

11 Mart 2023

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da Bakıda işə başlayan “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu əlamətdar hadisədir.

Forumda beynəlxalq təhlükəsizlik məsələləri, dünyada sülhün bərqərar olması, dayanıqlı inkişaf, günümüzdə mövcud olan və perspektivdə yarana bilən çağırışlara münasibət, onları önləməyin mümkün yolları müzakirə olunur. Forumda habelə hərbi münaqişələrə və bəşəriyyəti sarsıda biləcək digər məsələlərə - qida, iqlim, nüvə təhlükəsizliyi, yoxsulluq, bərabərsizlik, pandemiyalar, miqrasiya və sair məsələlərə münasibət bildirilir.

 

Bu barədə AZƏRTAC-a açıqlamasında AMEA-nın vitse-prezidenti, AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva söyləyib.

Akademik bildirib ki, Forumun ilk günündə Prezident İlham Əliyev öz dərin məzmunlu çıxışında beynəlxalq ictimaiyyəti narahat edən bir çox məsələlərə münasibət bildirdi, çox vacib mesajlar verdi. Bu sıraya Azərbaycanın Ermənistana sülh təklifi, Azərbaycanın beynəlxalq hüquqa və dialoq mədəniyyətinə sadiqliyi, ölkələr arasında mübahisələrin ərazi bütövlüyü və suverenlik prinsipi əsasında həll olunmasının vacibliyi, Qoşulmama Hərəkatında Azərbaycanın gördüyü böyük işlər, Bandunq Prinsiplərində əksini tapmış sülh, əməkdaşlıq, sərhədlərin toxunulmazlığı və sair məsələlər daxildir. Prezidentin Forumda Azərbaycandakı erməni azlığına dair səsləndirdiyi fikirləri də çox önəmlidir. Ölkəmizin çoxkonfessiyalı, çoxmillətli ölkə olduğunu vurğulayan Prezident, Qarabağ ermənilərinin tolerant və multikultural Azərbaycanda özlərini çox rahat hiss edəcəklərini, onların hüquqlarının Konstitusiyamızla qorunacağını deyib. Daha sonra ölkə Prezidenti “COVID-19”la mübarizəyə ölkəmizin töhfəsi, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın iştirakı, neft, qaz və yaşıl enerjinin nəqli və bir çox digər məsələlər haqqında məlumat verdi.

Dövlətimizin başçısı çıxışının əvvəlində Nizami Gəncəvi Beynəlxalq Mərkəzin fəaliyyətindən danışaraq dedi: “... Mən Mərkəzin adını daşıdığı dahi Azərbaycan şairi Nizami Gəncəvinin xatirəsinə və irsinə olan dərin hörmətlə bağlı təşəkkürümü bildirmək istəyirəm. Nizami Gəncəvi Azərbaycanın qədim şəhərlərindən olan özünün doğma Gəncə şəhərində dünyaya göz açıb, yaşayıb, orada vəfat edib və dəfn olunub. Onun müdrikliyi və istedadı Azərbaycan xalqının istedadını və müdrikliyini təcəssüm etdirir”.

“Düşünürəm ki, Prezidentin bu sözləri dahi Nizami Gəncəvinin şəxsiyyətini və yaradıcılığını mənimsəmək istəyənlərə ən gözəl və tutarlı cavabdır. Bu günlərdə İranın paytaxtı Tehranda keçirilən “Nizami Gəncəvi həftəsi”nin açılış mərasimində İran Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü şairi “fars zadəganlarından olan İran şairi” kimi təqdim edib. Onun “Gəncəvi məhz İranın təsiri altında yaradıcılıqla məşğul olub” sözləri narazılıqla qarşılanıb.

Məlumdur ki, Nizami yaradıcılığı bütün elmi parametrlərinə - ideya-məzmun və bədii-estetik mahiyyətinə görə müəllifin məhz Azərbaycan türkü olduğuna heç bir şübhə yeri qoymur”, - deyə akademik G. Baxşəliyeva bildirib.

Akademik vurğulayıb ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi qlobal problemlərin həlli yollarını araşdıran və bu barədə dünya ictimaiyyətini məlumatlandıran mühüm beynəlxalq platformadır. O, Azərbaycan həqiqətlərini də beynəlxalq ictimaiyyətə çatdırmaq üçün geniş imkanlar yaradır. Mərkəzin təşkilatçılığı ilə keçirilən X Qlobal Bakı Forumu dahi Nizaminin humanizm təliminin günümüzdəki məntiqi davamıdır.