Şərq və Qərb ədəbiyyatlarından yeni tərcümələr

Martın 10-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda fars şairi Söhrab Sipehri və fransız şairi Mişel Uelbekin şeirlər kitablarının təqdimatı keçirilib. “525-ci qəzet”in “525 kitab” seriyası çərçəvəsində Mədəniyət və Turizm nazirliyinin dəstəyi ilə çap olunan bu kitablardan 20-ci əsr fars şairi Söhrab Sipehrinin “Suyun ayaq səsi” kitabında onun eyniadlı poeması və yaradıcıliğının müxtəlif dövrlərində yazdığı seirlər dərc olunub. Bu poema və şeirləri fars dilindən Azərbaycan dilinə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun  “İran filologiyası” şöbəsinin müdiri, filologiya elmləri namizədi Məsiağa Məhəmmədi tərcümə edib. Müasir fransız şairi Mişel Uelbekin esselər və şeirlərindən ibarət “Sağ qalma” kitabı isə 2-ci dildən – rus dilindən Səlim Babullaoglu, Adil Mirseyid və Pərviz Yusif tərəfindən tərcümə olunub.
Tədbiri idarə edən “525-ci qəzet”in qəzetin baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid rəhbəri olduğu “525 kitab” seriyası çərçəvəsində nəşr olunan kitablardan söz açdı və bu dəfə təqdim olunan kitablardan birinin Şərq, digərinin isə Qərb ədəbiyyatını təmsil etdiyini bildirərək, bu kitabların əhəmiyyətindən danışdı.
“525 kitab” seriyasının tərtibçisi və redaktoru Səlim Babullaoglu Söhrab Sipehrinin “Suyun ayaq səsi” kitabının fars dilindən birbaşa tərcümə olduğuna görə xüsusi dəyərini qeyd etdi. O, tədbir iştirakçılarına Söhrab Sipehri və Mişel Uelbekin həyat və yaradıcıligı haqqında qısa məlumat verdi.
Filologiya elmləri namizədi Məsiağa Məhəmmədi ümumiyyətlə Azərbaycanda Şərq dillərindən edilən tərcümələrdən söz açdı və fars ədəbiyyatından edilən tərcümələrdə müdiri olduğu Şərqşünaslıq İnstitutu “İran filologiyası” şöbəsinin əməkdaşlarının xüsusi xidmətləri olduğunu qeyd etdi. M.Məhəmmədi şeirlərini tərcümə etdiyi Söhrab Sipehrinin fars ədəbiyyatında yerindən söz açdı.
Sonra çıxış edən filologiya elmləri doktoru Mehdi Kazımov, filologiya elmləri namizədləri Nüşabə Əlizadə, Zümrüd Rəhimova və başqaları M.Məhəmmədinin elmi tədqiqatlarının və tərcümələrinin Azərbaycan şərqşünaslıq elmində xüsusi yeri olduğunu qeyd etdilər və Söhrab Sipehridən də edilən tərcümələrin əhəmiyyətini vurğuladılar. Çıxış edənlər eyni zamanda rəssam olan Söhrab Sipehrinin təsviri sənət əsərləri ilə poeziyası arasında bir vəhdətin olduğunu dedilər.
Tədbirdə çıxış edənlər eyni zamanda Mişel Uelbekin də yaradıcılığını və onun əsərlərindən edilən tərcümələri yüksək qiymətləndirdilər.

Vüqar Məmmədov,
Filologiya elmləri namizədi